Qazax sakini: “İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qələbə sevinci yaşadıq”

GÜNDƏM 19 apr 2024, 22:55

“Qazaxın 30 ildən artıqdır işğal altında olan kəndləri Azərbaycana qaytarıldı. Bütün qazaxlılar hazırda bayram sevinci yaşayırlar”.

Bu fikirləri “Report”a açıqlamasında Qazax rayonunun ziyalısı Afiq Axundov erməni işğalında olan dörd kəndin Azərbaycana qaytarılması haqqında danışarkən deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qazaxlılar da qələbə sevinci yaşadı və doğma torpaqlarına qayıda biləcəklər:

“Bütün Qazax ziyalıları, sakinləri adından Prezidentimizə minnətdarlığımızı bildiririk, daim zəfərlər arzu edirik. İşğal altında olan Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı kəndləri Qazaxın ən dilbər guşələridir. Həmin kəndləri qarış-qarış tanıyıram. İnanırıq ki, digər kəndlərimizin də geri qaytarılmasına tezliklə nail olacağıq. Müzəffər Ali Baş Komandanın dəmir iradəsi sayəsində artıq bütün Azərbaycan xalqı xoş xəbərlər alır, qələbə sevinci yaşayır”.

A.Axundov sözügedən kəndlərin sakinlərinin el-obaya qayıdışını səbirsizliklə gözlədiyini vurğulayıb:

“İşğal altında olan kəndlərin sakinlərinin bir qismi Qazax şəhərinin özündə, digər hissəsi isə Prezident İlham Əliyevin göstərişi ilə Qazaxbəyli kəndi ərazisində tikilmiş məcburi köçkünlər üçün nəzərdə tutulan binalarda məskunlaşıblar. Əminik ki, sakinlər tezliklə öz yurd-yuvalarına qayıdacaqlar”.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın dörd kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 may 2024, 16:55
Top