Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”

GÜNDƏM 01 may 2024, 10:54
“Frank Şvabe deyəsən AŞPA-da hansı ölkəni təmsil etdiyini, orada niyə oturduğunu, qərarlaşdığını tamamən unudub. Çünki, ələlxüsus da son aylar adamın dərdi-səri, hədəfi-ünvanı ancaq Azərbaycandır. Üstəlik, durmur, dayanmır, usanmır. Sərsəmləməkdən çərənləmək mərhələsinə keçir, çərənləməkdən zəvzəkləməyə. Düşük gədə! Sən kimsən axı, ümumiyyətlə bizim haqqımızda söz deyirsən? Sənin nə ixtiyarın var ki, Azərbaycanın daxili işlərinə qarışırsan?”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

Onun sözlərinə görə, Frank Şvabe ermənipərəst dairələrin təlimatı ilə Azərbaycana qarşı yenidən hücuma keçib:

“Hələ daha dəhşətli olan bilirsinizmi nədir? “Azadlıq” adında saytın və həmin saytı  “işlədən” (məhz işlədən!) siyasi mürdəşir - Əli Kərimlinin Şvabe haqda bəh-bəhlə danışması! Hətta, danışmaq bir yana qalsın, anti-Azərbaycan ruhlu bu ermənipərəsti az qala ilahiləşdirməsi, bütləşdirməsi!

Əlqərəz, nə qədər riyakar varsa, hamısı Azərbaycana qarşı birləşib. Oralı-buralı. Daxilli-xaricli. Biri zurna çalır, digəri züy tutur. Biri pul təşkil edir, digəri mitinq anonsu verir. Biri qətnamə hazırlayır, digəri təxribat. Biri açıqlama verir, digəri şərh.

Hərgah, Əli Kərimlidən bir soruşan lazım ki, ay bədbəxt, sən Şvabenin mətbuat xidmətisən, yoxsa vəkili? Niyə düşmüsən bu avantüristin arxasına, ayı potası anasının arxasınca düşən kimi? Niyə rahatlaşmırsan? Niyə özünə əl qatmısan? Niyə utanıb-ölmürsən? Nədir məqsədin?

Xaricdəki riyakarların canı cəhənnəmə, sabah, bürügün fransızın da, almanın da, ingilisin də övladı, nəvəsi, nəticəsi onların fəaliyyətini xatırlamayacaq. Üstəlik, heç bilməyəcəklər ki, ataları, babaları, ulu babaları Azərbaycana qarşı hansı haqsızlıqları, ədalətsizlikləri edib. Amma bəs sənin nəslin, sənin nəvələrin, sənin nəticələrin? 

Onlar neyləyəcəklər, Əli Kərimli? 

Bilirsənmi neyləyəcəklər? 

Boynu bükük gəzəcəklər. Adam arasına utana-utana çıxacaqlar. Həmişə öz şərəfsiz babalarının, ulu babalarının əməllərinə görə kompleksə girəcəklər.!”.


Aysun
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top