“Saqqala görə tələbənin təhsil ocağından kənarlaşdırılması yolverilməzdir” — Ekspertdən universitetdəki gərginliyə REAKSİYA

GÜNDƏM 01 may 2024, 12:50
“Saqqal məsələsinə görə tələbənin və ya müəllimin təhsil ocağından, tədrisdən kənarlaşdırılması yolverilməzdir. Əlbəttə, hər bir universitetin özünün daxili qaydaları var və bu qaydalara əsasən tələbləri var. Əgər o tələblər içərisində saqqal məsələsi də varsa, bunu sivil qaydada təhsilalanlarla danışaraq həll etməyə çalışmaq lazımdır”. 

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. 

Onun fikrincə, zor tətbiq etmək, təhdidlə danışmaq təhsil ocağının nüfuzuna xələl gətirir: 

“Bu amili nəzərə almaq lazımdır. Ölkədə 50-dən çox ali təhsil, bir o qədər də orta ixtisas təhsil müəssisəsi var. Hər birinin daxili idarəetməsi fərqli ola bilər. Yaxşı olar ki, neqativ hallar yaranmasın, amma yarandığı halda hər iki tərəf kompramisə getməyi bacarmalıdır. 

Yaxşı olardı ki, ali təhsil müəssisələrinin, tələbələrin adları bu kimi məsələlərdə deyil, elmi, texnoloji yeniliklərə, inkişafa görə hallansın. Ümumiyyətlə, müəllim və tələbə anlayışı özündə müsbət məqamları ehtiva edir. Buna görə də onlar daim davranışlarında diqqətli olmalıdırlar. Əgər müəllim, tələbə örnək olaraq başqaları ilə müqayisə predmetinə çevrilirsə, deməli, onlar özləri də daşıdıqları ada hörmətlə yanaşmalıdırlar”. 

Qeyd edək ki, bir neçə gün öncə Bakı Biznes Universitetinin tələbələri saqqala görə dərsə buraxılmayıblar. Bundan sonra bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. 

Universitetdən bildirilib ki, bu, təhsil müəssisəsinin daxili qaydasıdır və mütəmadi olaraq tələbələrə bu barədə xəbərdarlıq edilir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top