“Tərkibinin 70 faizi təbii məhsullardan ibarət olmalıdır” — Hansı dondurmanı alaq?

SOSİAL 02 may 2024, 18:41
Havalar isinir, dondurmaya tələbat artır. Satışda müxtəlif növ və adda dondurmalar var. Marketlərlə yanaşı, parklarda, yol qıraqlarında da dondurma satışı ilə məşğul olanlara rast gəlirik.  Dondurma alarkən nələrə diqqət etmək lazım olduğunu Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlayıb. O deyib ki, dondurma süd məhsulu olduğu üçün tez xarab ola bilər:

“Düzgün hazırlanmayan və saxlanılmayan dondurmalar mədə-bağırsaq, həzm sistemi pozulmalarına səbəb ola bilər. Müvafiq qurumlar tərəfindən aparılan monitorinqlər heç nə hər satış nöqtəsini əhatə etmir. Çəki ilə, açıq şəkildə satılan dondurmalar var. Açıq havada günün altında satılan dondurmalar orqanizmə daha çox zərər verə bilər. Çünki belə dondurmaların hər hansı forması yoxdur və üzərində etiket məlumatları qeyd olunmur. Ona görə də istifadə müddəti, təzə olub-olmadığı bilinmir. Dondurmaların tərkibinə dadlandırıcılar əlavə ounur, meyvələr, cemlər, mürəbbə, souzlar qatılır. Tərkibi qarışıq olan dondurma əgər açıq şəkildə satılırsa, saxlama müddəti 2-3 günü keçməməlidir. Alıcılar çox vaxt buna diqqət etmirlər”. 

Ekspert bildirib ki, mənşəyi bilinməyən dondurmaları almaq məsləhət görülmür: 

“Yaxşı dondurma keyfiyyətli süddət, qaymaqdan, kərə yağından hazırlanmalıdır. Lakin satışda çox ucuz dondurmalar var, bunların keyfiyyətli məhsuldan hazırlandığı artıq sual altına düşür. Tərkibi kimyəvi maddələrdən ibarət bir kütlə insan orqanizmində fəsadlara yol aça, qara ciyərdə və böyrəklərdə toksinlərin yığılmasına gətirib çıxara bilər. Dondurma alarkən etiketinə baxmalıyıq. İstehsalçının adı, ünvanı, məhsulun harada hazırlandığı, istehsal tarixi, son istifadə tarixi qeyd olunmalıdır. Həmçinin tərkibinin 70 faizi təbii məhsullardan ibarət olmalıdır, 30 faizi qatqılar ola bilər. Bundan başqa üzərindəki yazılar silinibsə və ya yenidən yazılıbsa, həmin məhsulu almaq məsləhət deyil. Gün ərzində yeməkdən sonra 200 qramı keçməmək şərtilə dondurma yeyilə bilər. Yedikdən dərhal sonra və ya əvvəl isti çay, qida qəbul etmək olmaz, bu, dişlərə, damağa ziyandır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top