Saatlıda 56 yaşlı kişi qardaşını niyə qətlə yetirib? — ŞOK TƏFƏRRÜAT

KRİMİNAL 01 may 2024, 10:15
Saatlı rayonunda 1968-ci il təvəllüdlü Arif Əliyev şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qardaşı, 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevi qətlə yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Arif Əliyev qarışılıqlı olaraq dövlət qurumlarına etdikləri müxtəlif şikayətlərlə bağlı şəxsi münasibətlər zəminində aralarında yaranmış mütəmadi mübahisələr zamanı qonşuluğunda yaşayan qardaşı Abdulrəhman onun və ailə üzvlərinin ünvanına dəfələrlə nalayiq söyüşlər, təhqiramiz ifadələr işlətməsi səbəbindən qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib. 

Arif 28 dekabr 2021-ci ildə cinayətkar niyyətini həyata keçirmək üçün yaşadığı Saatlı rayonu Qıraqlı kəndində yerləşən fərdi yaşayış evində spirtli içki qəbul etdikdən sonra alkoqol sərxoşluğu vəziyyətində oğluna məxsus fərdi yaşayış evinin tövləsindən gizlincə götürərək üstündə gəzdirdiyi mətbəx bıçağı ilə həmin gün saat 15 radələrində Abdulrəhman Əliyevin yaşadığı Saatlı rayonunun Qıraqlı kəndində yerləşən fərdi yaşayış evi istiqamətində gedib. 

O, həmin evin giriş darvazasının qarşısında oturacaqda oturan Abdulrəhman Əliyevə çoxsaylı zərbələr vuraraq  onu qətlə yetirib. 

Hadisəni törədən Arifin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O, özünü Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilib.  

Arif ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Saatlı rayonunun Qıraqlı kəndində olan fərdi yaşayış evində yaşayır, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi təsərrüfatla məşğul olub: 

“Birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla 2-ci  qrup əliləm. Adulrəhman qardaşımdır, onunla qonşuluqda yaşamışam. Əvvəllər Abdulrəhmanla münasibətlərimiz yaxşı olsa da, son illər münasibətlərimiz soyuq olub. Hadisədən bir müddət əvvəl isə aramızda olan münasibətlər pisləşərək kəskin xarakterli olub. 

Abdulrəhman əvvəllər Rusiyada yaşayıb, bir neçə il əvvəl kənddə qayıtdıqdan sonra münasibətlərimiz pozulub. Abdulrəhman Rusiyada keçirdiyi açıq ürək əməliyyatı zamanı onunla maraqlanmamağımı bəhanə edərək məndən incik qalıb. Münasibətlərimiz  soyuyub. Abdulrəhman xasiyətcə söyüşkən, mübahisə etməyə və dalaşmağa meylli, çılğın xarakterli, özündən razı şəxs olub. Abdulrəhman arvadı Arzu ilə də yola getməyib və 2007-ci ildə boşanıblar”. 

Təqsirləndirilən şəxs qeyd edib  ki, son illər Abdulrəhmanla aralarında torpaq mübahisəsi olub, yaşadığı evin həyətyanı sahəsində oğlu Bayrama ev tikdirmək istəyib: 

“Lakin Abdulrəhman buna imkan verməyib. 2021-ci ilin dekabr ayında qəssab işləyən oğlum Bayramdan Abdulrəhman müvafiq quruma şikayət edib. Bundan sonra agentliyin nümayəndələri qəssabxanada yoxlama aparıb və Bayramı 500 manat cərimələyiblər. Sonradan yenə də qəssabxana kimi istifadə etdiyi yerlə bağlı Abdulrəhmanla mübahisələri yarandığından həmin yeri söküb bağlayıblar. 

Bundan sonra Abdulrəhmanın arvadı Arzu ilə danışaraq qardaşımın bu əməllərindən çəkinməsini, qardaşlar arasında bu söhbətlərin xoş olmadığını dedim. Arzu da Abdulrəhmanın onu eşitmədiyini, öz bildiyini etdiyini bildirdi. Mən hər dəfə də qardaşım ilə aramızda olan mübahisəyə son qoyulmasını istəmişəm. 

Qardaşımın davranışlarının qarşısında həmişə özümü sakit saxlamağa çalışmışam. Sonradan oğlum Bayram da əmisi Abdulrəhmanın ondan şikayət etməsinə cavab olaraq Ekologiya Nazirliyinə və digər aidiyyatı dövlət qurumlarına Abdulrəhmanın küçə yolunun kənarına heyvan ifrazatlarını və çirkab sularını axıtması barədə şikayət etdi”. 

Təqsirləndirilən şəxs deyib ki, 28 dekabr 2021-ci ildə, səhər saatlarında Saatlı şəhərində kafedə olub, saat 12 radələrində yaşadığı Qıraqlı kəndinə qayıdıb: 

“Bir az həmkəndlilərim ilə söhbət etdikdən sonra dayım Pənahın maşını ilə evimizin yaxınlığındakı kollektorun yanında düşdün və evimə tərəf gedərkən qonşum Rafiqin qardaşım Abdulrəhmanla söhbətləşdiyini gördüm. Həmin vaxt onlara çatmağa az qalmış Abdulrəhman ondan nəyə görə şikayət etdiyimizi bildirdi. Mənim və ailə üzvlərimin ünvanına cinsi orqanının adını çəkməklə nalayiq ifadələr, söyüşlər söyməyə başladı. 

Mən isə ondan şikayət etmədiyimi bildirdim. Oğlum Bayramla arasında olan məsələni özlərinin həll etməsini desəm də, Abdulrəhman məni söyməkdə davam etdi. Lakin ona fikir vermədim, yoluma davam edərək evimin həyətinə keçdim. Sonra Abdulrəhman da ardımca həyətinə girdi, yenidən təkrar-təkrar nalayiq ifadələr və söyüşlər söyməyə davam etdi. Lakin ona fikir vermədim. Bir az sonra Abdulrəhmanı arvadı Arzu gələrək apardı. Həmin vaxtı da Abdulrəhman söyüş söyə-söyə həyətimizdən çıxdı. Abdulrəhmanın həyətimə gələrək belə nalayiq hərkətlər etməsini oğlum Bayram telefonu ilə çəkdi.  

Abdulrəhman getdikdən sonra arvadım Asudənin deməsindən sonra bildir ki, oğlum Bayramın əmisi Abdulrəhmandan şikayətindən sonra Saatlı rayon epidemiologiya idarədən yoxlama gələrək araşdırma aparıb. Sonra həyətdəki heyvan tövləsinə keçərək heyvanlara yemləyərkən qardaşım Abdulrəhman yenidən həyətə gəldi. Mənim, ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətməyə davam etdi. Tövlədən çıxmayaraq, Abdulrəhmanın sakitləşməsini gözlədim. Sonra Arzu gələrək Abdulrəhmana Bayramın baş verənləri telefonla çəkdiyini dedi. Sonra Abdulrəhman həyətdən çıxaraq getdi”.

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra əsəbilərini sakitləşdirmək üçün evində içki içib, lakin sərxoş olmayıb: 

“Saat 14 radələrində oğluma yeni aldığımız həyət sahəsində olan heyvanları yemləmək üçün küçə ilə həmin yerə gedərkən Abdulrəhmanın darvazalarının yanında dayandığını gördüm. Həmin vaxt Abdulrəhman yenidən mənim, gəlinimin, arvadımın və 3 yaşlı qız nəvəmin ünvanına cinsi orqanının adını çəkməklə nalayiq ifadələr işlətməyə başladı. 

Mən yenə də ona fikir vermədim, yoluma davam edərək həyətə getdim. Saat 15 radələrində yeni aldığımız həyətdən çıxıb evimizə tərəf getdim. Bu zaman Abdulrəhmanın darvazalarının yanındakı skamyada oturduğunu gördüm. Yanından keçərkən Abdulrəhman yenidən məni, arvadımı, gəlinimi, nəvəmi cinsi orqanın adını çəkməklə söyməyə başladı. Bu zaman bərk əsəbiləşdiyimdən Abdulrəhman üzərinə getdim ki, nəyə görə belə hərəkət etdiyini soruşum. Bu zaman Abdulrəhman da üstümə gələrək söyüş söydü, mənə yumruq atdı. Lakin yumruq mənə dəymədi. Təsərrüfat işləri görmək üçün götürərək üstümdə saxladığım bıçağı çıxardım, bir dəfə Abdulrəhmanın bədəninə vurdum və Abdulrəhman yerə yıxıldı. Bundan sonra səs-küyə hadisə yerinə əvvəl Abdulrəhmanın arvadı Arzu, onun arxasınca oğlum Bayram gəldi. Sonra da başqa şəxslər ora toplaşdılar. 

Hadisə yerinə gəlmiş Arzuya mən bıçaqla xəsarət yetirməmişəm. Onun hansı şəraitdə xəsarət almasını bilmirəm. Oğlum Bayram hadisə yerinə gələn kimi məni evə apardı. Bir az sonra polis əməkdaşları hadisə ilə bağlı evimə gələrək mənə polis şöbəsinə getməli olmağımı bildirdi. Mən də könüllü polis şöbəsinə gedəcəyimi bildirdim, cinayət törədərkən istifadə etdiyim bıçağı polisə təqdim etdim. Sonra bacanağımın oğlu Cəlalla birgə Saatlı Rayon Polis Şöbəsinə gedərək könüllü təslim oldum. Polis şöbəsində olarkən qardaşım Abdulrəhmanın xəstəxanada vəfat etdiyini bildim”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Arif 16 il müddətinə azadlıqdan məhrum edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top