Qazaxıstan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlıdır — Politoloq

GÜNDƏM 30 apr 2024, 18:42
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcəklər. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Almatı görüşü təsdiqlənib. Qeyd olunub ki, görüş Qazaxıstanın təklifi ilə baş tutacaq. Görüşdə hansı məsələlərin müzakirə ediləcəyinə dair politoloq Rəşad Bayramov gözləntilərini açıqlayıb. O, Demokrat.az-a şərhində deyib ki, Azərbaycan və Ermənistan arasında görüşlərin prinsipcə harada keçirilməsinin elə də əhəmiyyəti yoxdur:

“Əsas olan görüşün harada keçirilməsindən asılı olmayaraq ev sahibinin bitərəfliyini qoruyub saxlamasıdır. Həmçinin danışıqlar prosesinə də müdaxilə edilməməlidir. Qazaxıstanın timsalında buna şahidlik edəcəyik. Təbii ki, Qazaxıstan türk dünyasının bir parçası olaraq bizə daha yaxındır. Bu baxımdan növbəti  görüşün Qazaxıstanda olması bizim də maraqlarımıza cavab verir. Hadisələr və keçən dövrün təcrübəsi onu göstərdi ki, kənar müdaxilə olmadan keçirilən ikitərəfli müzakirələrdə tərəflər daha tez ortaq məxrəcə gəlir. Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlıdır. Xüsusilə də son dövrlərdə Qazaxıstanın ABŞ və Avropa İttifaqı ilə ikitərəfli müzakirələri onu deməyə əsas verir ki, Qazaxıstan da daxil olmaqla bu ölkələr öz iqtisadiyyatının şaxələndirilməsi  üçün alternativ bazarlar axtarışındadır. Məlumdur ki, Qazaxıstan öz təbii ehtiyatlarını böyük ölçüdə Rusiya vasitəsilə ixrac edir”.

Ekspert diqqətə çatdırıb ki,  Azərbaycan və Ermənistan üzərindən Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxış imkanları əldə etmək  Qazaxıstan üçün olduqca əhəmiyyətlidir:

“Qazaxıstan prezidenti həm Azərbaycana, həm də Ermənistana səfəri zamanı sülh prosesinə təsdiq verməyə hazır olduğunu ifadə edib. Almatıda keçiriləcək görüşdə əsas məsələ artıq başlanmış prosesin, yəni delimitasiya işinin davam etdirilməsi istiqamətində səylərin artırılması olacaq. Danışıqların əsas predmetinin məhz nəqliyyat kommunikasiya xətlərinin blokadadan çıxarılması olacağını düşünürəm. Çünki bu məsələ birbaşa Qazaxıstanın da marağındadır. Keçiriləcək görüşün müsbət nəticələri olacağına inamlar kifayət qədərdir. Görüşün Qazaxıstanda keçirilməsinin digər bir müsbət cəhəti də ondan ibarətdir ki, Qazaxıstan son dövrlərdə ABŞ və Avropa İttifaqı ilə  yanaşı Rusiya ilə də kifayət qədər yaxşı münasibətlər saxlayır. Belə olduğu halda prosesdə ev sahibliyi etməsi nə Qərbin, nə də Rusiyanın qısqanclığına səbəb olacaq. Kifayət qədər məhsuldar və ümidverici görüş olacağı qənaətindəyəm”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top